Təhsil haqqında dövlət sənədləri tam rəqəmsal formata keçirilir
Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiqləyib (https://nk.gov.az/az/senedler/qerarlar/tehsil-haqqinda-dovlet-senedlerinin-tesvirlerinin-9253). Qəbul edilən qərar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib.
Yeni
qərara əsasən, Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı
ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə
uyğun yeni mexanizmlər tətbiq olunur. Belə ki, ali, orta ixtisas, peşə və ümumi
təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr
hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da, təhsil
haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə
keçirilir.
Yeni
qaydaların əsas üstünlükləri:
• Təhsil haqqında dövlət sənədləri “Təhsil
Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən elektron formatda
formalaşdırılacaq;
• Təhsil sənədlərindəki məlumatlar
Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim
və əldə edilə biləcək;
• Bütün təhsil pillələri üzrə sənədlərə
ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması
təmin ediləcək;
• Məzunlar sənədlərini elektron kabinetlərindən
istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə
biləcəklər;
• Təhsil sənədlərinin dublikatlarının
verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında
həyata keçiriləcək.
Qaydalarda
bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas,
peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri,
verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir.
Bundan
başqa, Nazirlər Kabinetinin 7 yanvar 2026-cı il tarixli 2 nömrəli Qərarı ilə
“Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan
şəxslərə arayışın verilməsi Qaydası” da
(https://nk.gov.az/az/senedler/qerarlar/muxtelif-sebeblerden-tehsilin-her-hansi-pillesini-9254)
təsdiq edilib.
Təsdiq
olunmuş yeni qaydalara əsasən, təhsilini müxtəlif səbəblərdən tamamlamayan şəxslərə
verilən arayışlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq elektron sənəd formasında yaradılacaq və müraciətçilərin Elektron
Hökumət İnformasiya Sistemində (EHİS) yerləşən elektron kabinetlərinə təqdim
ediləcək.
Qaydalara
uyğun olaraq, arayışlarda əks olunan məlumatlar EHİS üzərindən təqdim və əldə
edilə biləcək. Elektron sistem vasitəsilə təqdim olunan məlumatlar kağız
daşıyıcıda təqdim edilmiş sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq.
Qeyd
edək ki, qəbul edilən normativ dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin
verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə,
vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin
institusional əsaslarının gücləndirilməsinə xidmət edir.